...

Məzuniyyət vaxtı həmkarını əvəz edən işçiyə əlavə vəsait ödənilməlidir - Hüquq müdafiəçisi

Cəmiyyət Materials 13 İyul 2021 14:49 (UTC +04:00)
Məzuniyyət vaxtı həmkarını əvəz edən işçiyə əlavə vəsait ödənilməlidir - Hüquq müdafiəçisi

Bakı. Çingiz Səfərli - Trend:

Əgər məzuniyyət vaxtı işçi həmkarını əvəz edirsə, ona əlavə vəsait ödənilməlidir.

Bunu Trend-ə açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, istənilən halda iş rejimindən asılı olmayaraq işçilərə əmək məzuniyyəti işəgötürənin, əgər, müəssisədə həmkarlar ittifaqı təşkilatları varsa, onlarla razılaşma əsasında tərtib etdiyi qrafik əsasında verilir: "Müəyyən kateqoriyaya aid işçilər var ki, onların güzəştli şərtlərlə vaxt baxımından istənilən vaxt məzuniyyətə çıxma hüquqları var. Amma bu, bütün hallarda növbəlilik prinsipi əsasında müəyyən olunur. Fərqi yoxdur iş birnövbəli, ikinövbəli və ya üç, dördnövbəlidir. Bəzən istehsalatda növbəlilik əsasında işləyən işçilərin məzuniyyət məsələləri ilə bağlı problem yaranır. Tutaq ki, iş ikinövbəli, yaxud üç növbəlidir. İşçilərdən biri məzuniyyətə gedəndə onu əvəz etmək məsələsi ortaya çıxır. Belə olanda vəziyyət bir qədər çətinləşir. Gərək onu əvəz etmək üçün kənardan işçi dəvət olunsun. Çünki bir işçinin digərini başqa növbədə əvəz etməsi əməyin mühafizəsi qaydalarına ziddir. Əgər işçi 8 saat işləyirsə, bir də digər iş yoldaşının növbəsində onu əvəz edirsə, bu, gündəlik və həftəlik iş saatından artıq işləməsinə gətirib çıxarır".

Ekspert əlavə edib ki, eyni iş vaxtında isə işçilərdən biri digərini əvəz edə bilər: "Bu zaman işəgötürənin razılığı əsasında əvəz edən işçiyə digər işçi ilə onun əməkhaqqı arasında olan fərq ödənilir. Əgər fərq yoxdursa, yaxud əmək haqqı aşağıdırsa, işəgötürənlə razılaşdırılaraq əlavə vəsait ödənilə bilər. İşçinin öz həmkarını əvəz etmək imkanı olmadığı təqdirdə isə dediyim kimi, mütləq kənardan müvəqqəti olaraq başqa bir işçi cəlb olunmalıdır. Amma praktikada var ki, işçilər məzuniyyətə çıxanda bir-birlərini əvəz edirlər. Əməkhaqqına əlavə olunurmu, olunmurmu, bu, artıq başqa məsələdir. Əgər əlavə vəsait ödənilmirsə, bu, Əmək qanunvericiliyinin pozulmasıdır".

Xəbər lenti

Xəbər lenti