...

Sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə layihələr müzakirə edilib

Cəmiyyət Materials 15 Sentyabr 2021 10:58 (UTC +04:00)
Sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə layihələr müzakirə edilib

Bakı. Trend:

Ölkəmizdə sosial müdafiə sahəsində aparılan islahatlarda beynəlxalq qurumlarla, həmçinin Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, ötən dövrdə icra olunan birgə layihələr bu sahədə müsbət əməkdaşlıq təcrübəsi formalaşdırıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Dünya Bankının nümayəndələri – sosial müdafiə məsələləri üzrə baş mütəxəssislər Mirey Ovadiya və Mitçel Vayner, baş iqtisadçı Sirma Demir Şeker və b. ilə videoformatda keçirilən görüşdə bildirib.

O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatların nailiyyətləri, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Nazir müavini ölkəmizdə pensiya, məşğulluq, əlillik, sosial təminat sahələrində idarəçiliyin təkmilləşdirilməsi və xidmətlərin keyfiyyətinin yüksəlməsinə yönələn innovativ həllərin tətbiqi işlərini diqqətə çatdırıb.

A.Kərimov sosial təminat sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsində Dünya Bankı ilə birgə layihələrin əhəmiyyətini qeyd edib. Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsini qeyd edərək, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində həmin Layihənin dəstək olduğunu bildirib.

Görüşdə pensiya sisteminin aktuar təhlillərə əsaslanan uzunmüddətli inkişafı mexanizmləri ilə bağlı beynəlxalq təcrübənin təhlili, sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsi, sosial işlə əlaqədar keys menecment metodunun geniş öyrənilməklə tətbiqi və s. sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti