...

Azərbaycan universitetlərinin rəqəmsallaşmasına dəstək

Cəmiyyət Materials 1 Mart 2022 13:22 (UTC +04:00)
Azərbaycan universitetlərinin rəqəmsallaşmasına dəstək

Bakı. Trend:

Bu gün bp Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə universitetə müasir elektron kitabxana hədiyyə edib. Bu kitabxana 700 000 nüsxəyə yaxın rəqəmsallaşdırılmış kitab, tədris materialları və digər vəsaitlərə məsafədən birbaşa çıxış təmin etməklə istifadəçilərə mürəkkəb axtarışlar aparmağa və məzmunu başqaları ilə paylaşmağa imkan yaradacaq.

Yeni elektron kitabxana həmçinin kitabxana sisteminin səmərəli fəaliyyəti üçün tələb olunan bütün zəruri fiziki infrastruktura malikdir. Burada istifadə olunan elektron vasitə ​​kitabxananın idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə kömək edəcək.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanın ən qədim və ən nüfuzlu pedaqoji universitetinin 100 illik yubileyinin qeyd olunmasına qoşulmaqdan məmnunuq. Ümid edirik ki, bu gün istifadəyə verdiyimiz rəqəmsal kitabxana təlim, tədris və tədqiqat materiallarının zəngin və asanlıqla əl çata bilən mənbəyinə çevriləcək və universitetin təhsilin keyfiyyətini artırmaq səylərinə dəstək verəcək. İnanırıq ki, bu müasir elektron kitabxana həm tələbələrin, həm də müəllimlərin elmi-tədqiqat fəaliyyətinə təkan verməklə universitetdə elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək.”

Layihənin ümumi dəyəri təxminən 421 000 AZN təşkil edir və bu məbləğ kitabxananın rəqəmsal fəaliyyəti üçün zəruri olan proqram təminatının hazırlanması, inventarların səmərəli idarə edilməsi prosesinin qurulması və lazımi fiziki infrastrukturun quraşdırılmasını əhatə edir.

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Məqalədə:
Xəbər lenti

Xəbər lenti