Bakı. Trend:
Hazırda işğaldan azad edilmiş ərazilərdə məscidlərin, dini ibadət yerlərinin bərpası ilə bağlı kompleks işlər həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.
G.İsmayılov bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində məscidlərin sayı 67-dir. Onlardan ikisi, yəni Ağdam cümə məscidi və Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidi qismən saxlanılıb, digər 65 məscid isə tamamilə dağıdılıb.
O qeyd edib ki, ermənilər Ağdam cümə məscidini hərbi oriyentir kimi saxlayıblar. “Onu saxlamışdılar ki, müharibə olacağı təqdirdə oradan baxıb hücum istiqamətlərini müəyyən etsinlər. Digər məscidlər isə yerlə yeksan edilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə məscidlərin, dini ibadət yerlərinin bərpası ilə bağlı kompleks işlər həyata keçirilir”, - deyə sədr müavini bildirib.