...

Gömrük Akademiyasında Seneqal gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 26 May 2022 12:53
Gömrük Akademiyasında Seneqal gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasında Seneqal Respublikası Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Hər iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil edilən görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Akademiyanın əməkdaşları, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Kamran Cabbarlı, Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye və nümayəndə heyəti iştirak ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov qonaqları salamlayaraq onları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Akademiya rəisi gömrük işinin təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil sahəsində əməkdaşlığın önəmini xüsusi olaraq vurğulayıb. O, Akademiyanın müxtəlif istiqamətlər üzrə gömrük orqanları üçün peşəkar kadrlar hazırlayan yeganə xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğunu qeyd edərək, Akademiyada innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesi haqqında qonaqlara ətraflı məlumat verib.

Akademiya rəisi həmçinin ölkəmizin milli təhlükəsizliyinin qorunması istiqamətində gömrük orqanlarının səmərəli xidmətini diqqətə çatdıraraq, bu istiqamətdə gömrük əməkdaşlarının peşəkar hazırlığının önəmini xüsusilə vurğulayıb. Çıxışının sonunda Qulu Novruzov gömrük sahəsinin daha da inkişaf etdirilməsi üzrə iki ölkə arasında gələcəkdə akademik sahədə faydalı əməkdaşlığa hazır olduğunu qeyd edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye səmimi qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə öz təşəkkürünü bildirib. O, gömrük orqanlarının peşəkar kadrlarla təmin edilməsi istiqamətində Akademiyanın səmərəli fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonra Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr, eləcə də gömrük xidmətində kadr potensialının gücləndirilməsi istiqamətində Seneqal qurumları ilə yaradıla biləcək təlim əməkdaşlığı haqqında geniş təqdimatla çıxış edib.

Sonda simvolik hədiyyələr təqdim olunub.

Görüşün rəsmi hissəsindən sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalarla və tədris prosesi ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti