...

Ölkənin ən böyük intellektual turniri üçün final həyacanı başlayıb (FOTO)

Cəmiyyət Materials 18 İyun 2022 11:30 (UTC +04:00)
Ölkənin ən böyük intellektual turniri üçün final həyacanı başlayıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 18-də Bakı Konqres Mərkəzində rəsmi şəxslər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İntellektual Klubların Gənclər Liqası”nın final mərhələsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mayın 9-dan etibarən start götürən və respublikanın 57 şəhər və rayonunu əhatə edən 4 mərhələdən ibarət turnirin seçimlərində ümumilikdə 1200-ə yaxın komanda və 6 mindən çox gənc öz intellektual gücünü sınayıb. Seçim turlarının yekununda regionlar üzrə ən yaxşı nəticə göstərən 16, paytaxt üzrə isə 24 komanda Bakıda keçirilən möhtəşəm final mərhələsində kubok uğrunda mübarizə aparırlar. 2 gün davam edən Böyük finalda paytaxt və regionları təmsil edən 40 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarında öz intellektual bacarıqlarını nümayiş etdirəcəklər.

Təşkil edilən turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etməkdir. Vurğulamaq lazımdır ki, ötən illərdən fərqli olaraq bu il keçirilən turnirdə təqdim olunan suallar arasında Cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan olunması ilə bağlı Qarabağımızın, eləcə də mədəniyyət beşiyimizin zəngin irsinin gənclər arasında təbliği xüsusi önəm daşıyır.

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin şəbəkələşməsinə təkan verir. Bu xüsusda Gənclər Fondu intellektinə güvənən hər bir gənci bu çağırışa qoşulmağa və bu ənənənin davamçısı olmağa dəvət edir.

Qeyd edək ki, “İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti