...

Məscidlərə qadınlar da təyinat alacaq - Mübariz Qurbanlı

Cəmiyyət Materials 30 Yanvar 2023 17:32 (UTC +04:00)
Məscidlərə qadınlar da təyinat alacaq - Mübariz Qurbanlı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məscidlərə ibadətlər üçün qadınlar da gəlir, böyük məscidlərdə qadınların ibadəti üçün ayrıca yer var. Ona görə də əsas məscidlərdə dini ayinlərin icraçısı vəzifəsinə qadınların da təyinat alması tədricən həyata keçiriləcək. Dini komitə tərəfindən elan edilən müsabiqədə qadınlara da yer verilib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu qadınlar ya İlahiyyat İnstitutunun, ya Bakı İslam Universitetinin və ya dini kolleclərin məzunları olmalıdır.

“Ümumiyyətlə, qanunun tələbi odur ki, məsciddə dini ayinlərin icrasını həyata keçirən şəxs mütləq dini təhsili olan Azərbaycan vətəndaşı olmalıdır. Qadınların məscidlərə təyinat alması burada imam vəzifəsi yerinə yetirmək üçün deyil, məsciddə imamın tövsiyəsi ilə hər hansı dini məclisə qatıla biləcək, qadınların qatıldığı dini məclisləri idarə edəcək”, - deyə o əlavə olacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti