Bakı. Trend:
NEQSOL Holding tərəfindən “YAŞAT” Fonduna 500 min AZN vəsaitin ayrılması barədə Anlaşma Memorandumu imzalanıb. Sənədi “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıb.
Holdinqdən Trend-ə verilən məlumata görə, köçürülmüş ianə hesabına Ramazan ayında 325 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə müxtəlif sosial dəstək göstərilib: tibbi xidmətlər, məişət şəraitinin yaxşılaşdırılması, kredit və təhsil xərcləri maliyyələşdirilib.
Holdinq tərəfindən ayrılan vəsaitin digər hissəsi isə xüsusi sosial layihələrin icrasına yönəldiləcək. Bu sırada elan edildiyi kimi Fond tərəfindən 1000 nəfərdən çox şəhid övladının məktəb ləvazimatları ilə təminatı və digər layihələrin icrası nəzərdə tutulur.
Beləliklə, 2021-ci ildən NEQSOL Holding-in qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumən 3,2 milyon AZN-dən çox vəsait ayırıb.
Bunlara əlavə, holdinqin tərkibindəki Bakcell şirkəti bu il Ramazan bayramı ərəfəsində Xəzər rayonunda İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 174 şəhid və qazi ailəsinə ərzaq yardımı edib.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.