...

Himayəyə götürüləcək qız uşaqlarına daha çox müavinət verilsin - Təklif

Cəmiyyət Materials 3 May 2023 13:39 (UTC +04:00)
Himayəyə götürüləcək qız uşaqlarına daha çox müavinət verilsin - Təklif
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin deputatı Vüqar Bayramov himayədar ailəyə götürülən qız uşaqları üçün daha çox müavinət verilməsini təklif edib.

Trend xəbər verir ki, deputat bildirib ki, bəzi ölkələrdə gender yanaşması mövcuddur.

V.Bayramov vurğulayıb ki, digər ölkələrdə qız uşaqlarını himayəyə götürən ailəyə daha çox ödəniş edilir.

“Məqsəd də ailələrin daha çox qız uşaqlarını himayəyə götürməsidir. Bizdə də gender yanaşmasının tətbiqi vacibdir. İnkişaf etmiş ölkələrdə də himayədar ailələrlə bağlı müavinətlər müəyyənləşdirilən zaman gender yanaşması olub. Müavinətin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı da mexanizmin hazırlanmasına ehtiyac var. Xərclərin hesablanması mütləqdir ki, uşaq himayəyə götürüldükdən sonra bu, diskrimnativ münasibətin formalaşmasına gətirib çıxarmasın”, - deyə o bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə deputatın təklifinə cavab olaraq qeyd edib ki, qız uşaqlarının gender üstünlüyü məsələsinə gəldikdə, hesab edirik ki, burada diskriminasiyaya yol vermiş olarıq.

“Ona görə ki, Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş 24 müəssisədə 1 559 uşaq var. Onların 1 000 nəfərə yaxını oğlandır. Biz qızlara xüsusi yanaşma tətbiq etsək, oğlanlara qarşı ayrı-seçkilik etmiş olarıq. Himayədar ailə institutu işə düşdükdən sonra bu məsələyə baxa bilərik. Əgər tələb olarsa, o zaman qız uşaqları üçün stimullaşdırıcı müavinətlərin tətbiq edilməsi məsələsini sonrakı mərhələdə müzakirə edə bilərik”, - deyə o əlavə edib.

Nazir müavini həmçinin əlavə edib ki, əlil uşaqlara görə himayədar ailələrə veriləcək birdəfələlik müavinətlər sağlam uşaqlara veriləcək vəsaitdən fərqlənəcək, yəni əlil uşaqlara veriləcək müavinətlər daha çox olacaq.

Qeyd edək ki, Azərbaycanda himayədar ailə modeli tətbiq ediləcək. Bununla bağlı məsələ Ailə Məcəlləsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəlləyə 145.8.( Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz) və 145.9. (Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla) maddələr əlavə edilir.

Həmçinin, yeni əlavə edilən 145.10.-cu maddəyə əsasən, himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti