...

Azərbaycanda onlayn dələduzluq: İnsanlar on minlərlə manat İTİRDİ

Cəmiyyət Materials 13 Noyabr 2023 14:10 (UTC +04:00)
Azərbaycanda onlayn dələduzluq: İnsanlar on minlərlə manat İTİRDİ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bir neçə gündür ki, Azərbaycanda “Pazfarm” adlı şəbəkənin yüzlərlə insanın xeyli miqdarda vəsaitini ələ keçirməsi barədə məlumatlar yayılır. İnsanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazanma təklif edən şəbəkənin toplanan pulları ələ keçirərək fəaliyyətini dayandırdığı bildirilir.

Bunun nəticəsində də bəzi şəxslərin bu şəbəkəyə külli miqdarda yatırtması barədə məlumatlar var. Vətəndaşlarımız zaman-zaman belə şəbəkə fırıldaqçılığı ilə üzləşirlər.

Bəs belə maliyyə piramidalarının iqtisadi əsas və bundan qorunma yolları varmı?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında kiber təhlükəsizlik üzrə üzrə mütəxəssis Rəşad Zeyvəliyev bildirib ki, Azərbaycanda internet məkanında rastımıza tez-tez çıxan onlayn dələduzluq növlərindən biri də piramida platformalarıdır.

"Bu platformaların məqsədi insanları tora salaraq pul vəsaitlərini mənimsəməkdir. Bu tip platformaların təsisçiləri adətən xarici ölkələrdə olduqlarından onları müəyyən edib məsuliyyətə cəlb etmək olmur. Piramidaların hamısının iş prinsipi eynidir. Bəzi vətəndaşlar piramidalara qoşularaq yüksək məbləğlərdə depozit edirlər. Bu depozitlərin qarşılığında piramida sahibləri depozitdən gələn gəliri sahibinə ödəməkdən boyun qaçırır. Bütün piramidalar qısa müddət ərzində fəaliyyət göstərir.

Təzəlikcə bağlanmış piramidanın domen qeydiyyatı may ayına aid idisə artıq fəaliyyətini dayandırdı. Nəticədə yüzlərlə şəxsin depozitlərini mənimsədilər. Onlar vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün batan pulların geri qayıtması da mümkünsüzdür.

Vətəndaşlarımız bu tip saytlara, qazanc yerlərinə etimad etməməlidirlər", - deyə iqtisadçı əlavə edib..

İqtisadçı ekspert Fuad İbrahimli isə qeyd edir ki, belə piramidalar vətəndaşlara şirnikləndirmək üçün dolayı yolla mənfəət qazandırırlar.

"Vətəndaş real vəsaiti gördükdə düşünür ki, bunu niyə real vəsaitlə etməyim. Axırda da belə dələduzluqla üzləşərək öz vəsaitlərini itirirlər.

Vətəndaşlar heç bir halda ölkəmizdə xüsusi lisenziya ilə fəaliyyət göstərməyən şirkətlə iş görməsin. Çünki baş verə biləcək dələduzluqda müraciət edəcək bir yerləri olmur. Belə şirkətlərin çoxu xaricdən idarə olunur. Pulları mənimsəniləndə izlərinə düşmək olmur. Və onları məsuliyyətə cəlb etmək çətin olur. Sonucda belə piramidalarda heç kim gəlir əldə edə bilməyib. Bunu vətəndaşlar bilməlidir. Burda qazanan yalnız platformanı təqdim edən şirkət olur.

Ümumiyyətlə, bu məsələlərə və belə platformaların ölkəmizə daxil olmasını məsul qurumlar bloklamalıdır", - deyə iqtisadçı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti