...

Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinqlər keçiriləcək

Cəmiyyət Materials 13 Fevral 2024 12:11 (UTC +04:00)
Bruselyoz xəstəliyinə qarşı seroloji monitorinqlər keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçirəcək.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

Fevralın 19-dan 29-na kimi keçiriləcək monitorinqlər zamanı respublikanın 47 rayonunun (şəhərinin) 146 yaşayış məntəqəsində fəaliyyət göstərən 50 başdan yuxarı südlük istiqamətli iribuynuzlu heyvanların saxladığı 211 fərdi və fermer təsərrüfatlarında 1 yaşdan yuxarı ümumilikdə 2750 baş dişi heyvandan diaqnostik qan nümunələri götürüləcək.

Nümunələr bruselyoz xəstəliyi üzrə epizootoloji şəraitin öyrənilməsi, həmçinin dabaq və nodulyar dermatitə görə peyvənd olunduqdan sonra immun fonun təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, brusellyoz xəstəliyi heyvanlar arasında geniş yayıldıqda ölkə əhalisinin sağlamlığına ciddi risk yaradır və heyvandarlıq təsərrüfatlarında iqtisadi itkilərə səbəb ola bilir. Digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti