...

Buraxılış imtahanında iştirak üçün sağlamlıq arayışı tələb olunur? - AÇIQLAMA

Cəmiyyət Materials 22 Fevral 2024 14:11 (UTC +04:00)
Buraxılış imtahanında iştirak üçün sağlamlıq arayışı tələb olunur? - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə məktəblərdə, universitetlərdə şagird və tələbələrdən sağlamlıq haqqında arayış tələb edildiyi bildirilir. Sağlamlıq arayışı təqdim edilmədən buraxılış imtahanında iştirakın mümkün olmayacağı qeyd edilir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, belə bir məlumat yoxdur.

"DİM-in öz imtahanlarında arayış tələb etməsi ilə bağlı məlumat yoxdur", - deyə vurğulanıb.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, qüvvədə olan qanunvericilik aktlarına görə şagird ancaq 1-ci sinifə gedəndə, tələbə 1-ci kursa daxil olanda, işçi ilk dəfə işə qəbul olunanda o sağlamlıq haqqında arayışı təqdim etməlidir. Yəni bu o deməkdir ki, həmin şəxs sağlamdır.

"Daha şagirddən, tələbədən ildə bir dəfə sağlamlıq haqqında arayışı tələb etmək olmaz. Çünki heç bir normativ hüquqi aktlarda belə bir hal nəzərdə tutulmur.

Buraxılış imtahanında isə Dövlət İmtahan Mərkəzi pandemiya dövründə yoluxma ilə bağlı bəyənnamə təqdim edirdi, onu da imtahan iştirakçısı imzalayırdı ki, bütün məsuliyyəti özüm daşıyıram.

Sadəcə olaraq, təhsil müəssisələri şagird, tələbə dərsə iştirak etməyəndə ondan mövcud vəziyyəti təsdiq edən xəstəlik haqqında arayış tələb edə bilər. Yəni həqiqətən də, sən xəstə idin. Amma universitet və kolleclər o xəstəlik haqqında arayışı üzrlü hal hesab edib sizin qayıblarınızı ləğv etmir.

Yəni siz xəstəlik haqqında arayış təqdim edib qayıbdan azad olmursunuz.

Təhsil müəssisələrinin mütəmadi olaraq təhsil alanlardan sağlamlıq haqqında arayışı tələb etmək hüququ yoxdur və bu mövcud qanunvericikdə nəzərdə tutulmur", - deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti