...

Qobustanın Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 22 May 2024 17:40 (UTC +04:00)
Qobustanın Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsinin açılışı olub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uzun illərdən sonra Qobustan rayonunun Ərəbşalbaş kəndində yeni kənd həkim məntəqəsi istifadəyə verilib.

Trend xəbər verir ki, məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcra Hakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon ictimaiyyəti və tibb işçiləri iştirak edib.

Xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin şəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kv. sahənin əhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir, həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinə otaqları var.

Yeni kənd həkim məntəqəsinin açılışında iştirak edən TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən davamlı mühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərin dəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaiti hesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə minnətdarlığını bildirib.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova bölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yeni tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin kənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil edəcəyinə əminliyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti