Şuşa. Trend:
Şuşada Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu imzalanıb.
Trend-in məlumatına görə, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur. Birgə səylər çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib.
Kubanıçbek Ömüraliev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
Baş katib müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə Təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulayıb:
“Səhiyyə sahəsində əməkdaşlığımızda mühüm nailiyyət kimi biz səhiyyə nazirlərinin “Türktransplant sisteminin yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması və “2025-ci il üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə TDT-nin İş qrupunun Fəaliyyət Planı”nın təsdiq edilməsi qərarını alqışlayırıq”.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib.
Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.