Bakı. Trend:
MÜSİAD Azərbaycan və Təhsil və Mədəniyyət Komissiyasının təşkilatçılığı və Bakı Nitq Mərkəzinin tərəfdaşlığı ilə Bakıda “Liderlik və Effektiv Ünsiyyət” mövzusunda seminar keçirilib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə MÜSİAD-dan məlumat verilib.
Seminarın əsas məruzəçisi Bakı Nitq Mərkəzinin peşəkar təlimçisi və marketoloqu Pərvin Pərlan olub.
O, iştirakçılarla liderlik və effektiv ünsiyyət sahəsindəki praktiki bilik və təcrübələrini bölüşüb və iş həyatında və gündəlik ünsiyyətdə müvəffəqiyyət üçün vacib olan bacarıqlar müzakirə edilib.
Təlim praktiki və interaktiv formatda keçirilib. İştirakçılar real situasiyalar üzərində simulyasiya oyunlarında iştirak edib və qrup çalışmaları vasitəsilə müxtəlif problemlərin həll yollarını müzakirə ediblər.
Həmçinin, tədbir çərçivəsində iştirakçılara praktiki tövsiyələr və fərdi dəstək imkanları təqdim edilib. Tədbir iştirakçılarının fərdi sualları cavablandırılıb və liderlik mövzusunda faydalı məsləhətlər verilib.
Seminarın sonunda iştirakçılar tədbirin şəxsi və peşəkar inkişaflarına müsbət təsir etdiyini vurğulayıb və yüksək qiymətləndiriblər.
Tədbirin sonunda iştirakçılara MÜSİAD Azərbaycan tərəfindən sertifikatlar təqdim edilib.