Bakı. Trend:
Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloqu Jalə Parlanova nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Jalə xanım, ilk öncə hamiləlik dövründə mütəmadi müayinələrin vacibliyi haqqında məlumat verərdiniz…
- Ultrasəs müayinəsi (USM) olduqca mühüm bir diqanostik
vasitədir və xüsusilə qadın sağlamlığında çoxsaylı tibbi
proseslərdə geniş tətbiq edilir. USM-dən həm hamiləlik öncəsi
qiymətləndirmə, hamiləlik dövründə icra edilən çoxsaylı müayinələr,
həm də doğuş sonrası ana sağlamlığının skrininqi üçün istfadə
olunur.
Hamiləlik dövründə mütəmadi USM müayinələri gələcək ana və körpənin
sağlamlığını izləmək üçün olduqca vacibdir. Müayinələr mümkün
problemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu da,
vaxtında müdaxilə etməyə və riskləri azaltmağa imkan yaradır. Eyni
zamanda, valideynlərin körpələrinin inkişafı haqqında
məlumatlandırılması onları rahatlaşdırır və doğuşun müsbət
nəticələnməsinə dəstək olur.
- Hər trimestrdə hansı məcburi müayinələr aparılır?
- Hamiləlik üç trimestrə bölünür və hər trimestrdə ana və
körpənin sağlamlığını izləmək üçün xüsusi müayinələr aparılır.
Birinci trimestrdə (14-cü həftəyədək) ananın müəyyən qan
analizlərinin verməsi vacibdir. Bu analizlər nəticəsində qan qrupu,
RH faktoru, hepatitlər və digər amillər yoxlanılır. Eyni zamanda,
bu trimestrdə (təxminən 11-14-cü həftələrarası) NT müayinəsi
aparılır. Bu da, qan analizləri ilə birlikdə uşaqda xromosom
anomaliyalarının riskini qiymətləndirmək üçün əsas götürülür. Bu
trimestrdə digər genetik analiz – NİPT də təklif edilə bilər.
İkinci trimestrdə artıq inkişaf edən döldə mövcud vəziyyətin
müəyyən edilməsi üçün müayinələr aparılır. Körpənin orqanları,
struktur vəziyyəti və plasentanın yerləşməsi yoxlanılır. Eyni
zamanda, gestesional diabeti aşkar etmək üçün qlükoza dözümlülüyü
testi də aparılır.
Son trimestrdə isə, körpənin inkişafını izləmək üçün böyümə
USM-ləri icra edilir. Bu müayinələr körpənin ölçüsü, mövqeyi
(duruş) və amniotik mayenin səviyyəni yoxlayır. Eyni zamanda,
36-38-ci həftələrdə icra edilən GBS testi bakteriyaların doğuş
zamanı körpəyə keçməsinin qarşısını almaq üçün vacibdir.
- Ultrasəs müayinəsinə gəlməzdən öncə nələri bilmək lazımdır? Bu müayinə üçün ön hazırlıq mərhələsi varmı?
- Hazırlıq ultrasəs növündən asılıdır. İlk ultrasəslər üçün maye qəbul edərək, sidik kisəsinin dolu olmasına nəzarət etmək məsləhət görülür. Anomaliya və böyümə skanları üçün isə adətən xüsusi hazırlıq tələb olunmur. Bununla yanaşı, ultrasəs müayinələrinin tamamilə ağrısız olduğunu xatırlamaq vacibdir. Bu müayinələr hamiləliyin problemsiz və sağlam keçməsini təmin etmək üçün nəzərdə tutulub.
- Ultrasəs müayinələr nə qədər təhlükəsizdir?
- Ultrasəs müayinələri düzgün istifadə olunduğu halda
təhlükəsizdir. Bu müayinələr görünən vizual nəticələri yaratmaq
üçün radiasiyadan yox, səs dalğalarından istifadə edir. Bu da,
onların həm ana, həm də körpə üçün olmasını təmin edir. Əsas məsələ
ultrasəsin tibbi məqsədlər üçün və peşəkar həkimlər tərəfindən
aparılmasıdır. Bu, onun düzgün və effektiv istifadəsini təmin
edir.
Bundan əlavə, müayinələr valideynlərə körpələri ilə emosional əlaqə
qurmaq imkanı və körpənin ultrasəsdə hərəkətlərini izləmək imkanı
verir. Bu görüşlər valideynlərə körpənin inkişafı barədə məlumat
almağa, doğuma hazırlaşmağa və hər hansı narahatlıqlarını həkimlə
müzakirə etməyə şərait yaradır.
- Ultrasəs müayinələrinin qadın sağlamlığı üçün daha hansı üstünlükləri mövcuddur?
- Erkən hamiləlik dönəmində və hətta ondan öncə ultasəs
müayinəsi hamilələyin təsdiqlənməsi, mövcud döllərin sayı,
yerləşməsi (uşaqlıq daxilində və ya xaricində), ürək döyüntülərini
yoxlamaq, plasentanın yerləşməsini müəyyən etmək üçün icra
edilir.
Eyni zamanda, doğuş prosesindən sonra plasentanın qalıqlarının və
qanaxma təhlükəsinin qiymətləndirilməsi üçün də USM vacibdir.
Uşaqlığın normal şəkildə əvvəlki vəziyyətinə doğru yığılması və
sağalması, uşaqlıq infeksiyalarının aşkar edilməsi və anada süd
vəziiləri ilə bağlı yaranan vəziyyətləri tədqiq etmək üçün də
ultrasəs müayinəsi icra edilir.
Qadınlarda yumurtalıqda mövcud olan yumurta ehtiyatının
qiymətləndirilməsi, uşaqlıqda struktur problemlərinin
diaqnostikası, follikul inkişafının izlənməsi və ovulyasiya
monitorinqi, süni mayalanma və hormonal diaqnostikalarda yardımçı
vasitə kimi geniş istifadə olunur. Eyni zamanda, çanaq sağlamlığı,
uşaqlıq və yumurtalıqlarda olan anomaliyaları öncədən müəyyən
etməyə imkan verərək, mümkün cərrahi müdaxilələrin aparılmasını
müəyyən edir.