Bakı.Trend:
Ötən ilin aprel-dekabr aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 375 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 44 416 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılması təmin edilib.
Trend xəbər verir ki, qanunauyğun olaraq həmin müraciətlər üzrə 40 963 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədi verilib.
Bildirilir ki, eyni zamanda 51 müraciət üzrə 206 ədəd avadanlıq üzrə edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət olunması üçün geri qaytarılıb.
"Bununla yanaşı, 3 181 ədəd avadanlıq üzrə icazə tələb olunmadığı üçün bu barədə müraciətçilər məlumatlandırılıb. Həmçinin 66 ədəd avadanlıq üçün edilən müraciətlər qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.
Qeyd edilən dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 166 müraciət üzrə 2 659 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün müraciətlər edilib. Onlardan 111 müraciət üzrə 1 782 ədəd avadanlıq üçün edilən müraciətə müsbət cavab verilib, 36 müraciət üzrə 795 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş edilərək yenidən müraciət olunması barədə metodiki yardım edilib.
Bununla yanaşı, 1 müraciət üzrə 8 ədəd avadanlığa icazənin tələb olunmadığı barədə müraciətçiyə məlumat verilib. Eyni zamanda 18 müraciət üzrə 63 ədəd avadanlıq xüsusi icazə verilməsi üçün qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir. Həmçinin verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 11 avadanlığın xüsusi icazəsi ləğv edilib", - məlumatda vurğulanıb.
"Xatırladaq ki, 2024-cü ilin mart ayında İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” sistemi (https://e-permission.icta.az) istifadəyə verilib. Onlayn sistemin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.
Həmçinin bu ilin yanvar-dekabr ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq 522 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğu yerində qiymətləndirilib. Nəticədə 510 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün uyğun şərait olduğu müəyyən edilib və həmin müraciətlərə müsbət cavab verilib. Digər 12 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək", - məlumatda qeyd olunub..