Bakı. Trend:
Müəyyən kateqoriyaya daxil edilən vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə uçota alına biləcəklər.
Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2025-ci il yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirə edilən Mənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sosial kirayə müqavilələri əsasında qanunvericilik aktları ilə müəyyən edilən əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcəklər.
Həssas kateqoriyadan olan bu şəxslərin mənzil təminatının bilavasitə Mənzil Məcəllənin tələbləri çərçivəsində tənzimlənməsi (yəni yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması və onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi) bu sahədə meydana çıxan bir sıra məsələlərin (mənzil fondunun statusu, onun hansı əsasla verilməsi, tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi və s.) həllinə və daha detallı tənzimləyə xidmət edəcək. Eyni zamanda qanun layihəsinə əsasən, yaşayış sahəsi ilə təmin olunan şəxslərin təkrar müraciətlərinin tənzimlənməsi də həyata keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota alınan bu kateqoriyadan olan şəxslərin növbəlilik əsasında mənzil təminatı məqsədilə geniş proqramlar həyata keçirilir. 1 yanvar 2025-ci il tarixinə 15 600 mənzil və fərdi ev şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan və həssas təbəqədən olan digər şəxslərə verilib.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.