Bakı. Trend:
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xüsusi ağacəkmə aksiyası keçirib. Tədbir Qala Qoruğunun yaranmasının 37 illiyinə həsr olunub.
Bu barədə Trend-ə İdarədən məlumat verilib.
Qeyd edilir ki, aksiya zamanı Abşeron Tingçilik Sovxozu tərəfindən təqdim edilən 37 ədəd püstə ağacı əkilib. Bu seçim təsadüfi deyil – çünki püstə ağacı Abşeron yarımadasında nəslinin kəsilmək üzrə olduğu nadir ağac növlərindəndir. Məqsəd həm bu dəyərli bitkinin qorunması və artırılması, həm də İçərişəhərdə və Qala Qoruğunda onu bir simvola çevirməkdir.
“İçərişəhər” İdarəsinin rəhbərliyi və kollektivi tədbirdə fəal iştirak edərək, tarix və təbiətin vəhdətinə töhfə veriblər. Tarixi mühitdə həyata keçirilən bu yaşıllaşdırma aksiyası, gələcək nəsillərə yaşıl irs buraxmaq arzusunu əks etdirir.
Artıq püstə ağacı simvolumuza çevrilir – həm tarixə, həm təbiətə sayğı ilə!