Bakı. Trend:
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə ölkə üzrə 18 may tarixində IV, 19 may tarixində isə VI sinif şagirdləri üçün monitorinqlər təşkil ediləcək.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, monitorinq IV siniflərdə tədris dili və riyaziyyat, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.
Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.
Dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.
Qeyd edilib ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.