...

“Səyyar Gənclər Xidməti” layihəsi Tərtərdə davam edir (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2025 10:59 (UTC +04:00)
“Səyyar Gənclər Xidməti” layihəsi Tərtərdə davam edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif şəhər, rayon və ucqar kəndlərində uğurla icra edilən “Səyyar Gənclər Xidməti” layihəsi Tərtər rayonunda davam edir. “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə keçirilən layihə Tərtər rayonunda yaşayan gənclər üçün 22 avqust tarixinədək xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində icra edilən “Səyyar Gənclər Xidməti”nin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış Zəfərin, suverenliyimizin bərpasının və dövlət müstəqilliyimizin mahiyyətinin gənclər arasında geniş şəkildə təbliğ olunması, ölkə gənclərinin Vətənə sədaqət, dövlətçilik ənənələrinə bağlılıq və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirilməsi, eyni zamanda dövlət gənclər siyasəti çərçivəsində təqdim edilən imkanların və həyata keçirilən təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı hala gətirilməsini təmin etməkdir.

Səyyar Gənclər Xidmətinin Tərtərdəki açılış mərasiminin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev öz çıxışlarında layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək gənclərin dövlətçilik dəyərlərinə sadiq şəkildə formalaşmaları və sosial bacarıqlarının inkişafı istiqamətində olduqca mühüm rol oynadığını vurğulayıblar.

Eyni zamanda, açıq hava şəraitində iştirakçılar üçün Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən maarifləndirici təlimlər, peşəkar mütəxəssislərin təqdimatında gənclər üçün ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və motivasiya, könüllülük fəaliyyəti, süni intellekt alətlərinin yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat mövzularında sessiyalar keçirilib. Bununla yanaşı, gənclər onlar üçün yaradılmış Vətənpərvər gənclik, Yaradıcı gənclik, Suveren gənclər, Rəqəmsal düşüncə, Təhsil və karyera və Əyləncə adlı müxtəlif zonalara yaxınlaşaraq yaradıcılıq və intellektual potensiallarını inkişaf etdirən interaktiv fəaliyyətlərdə – vörkşoplar, master-klasslar, intellektual oyunlar, viktorinalar və sərgilərdə aktiv iştirak ediblər. Komanda yönümlü fəaliyyətlər, müxtəlif stolüstü oyunlar və digər interaktiv proqramlar gənclərin zamanlarını daha səmərəli keçirilməsinə şərait yaratmaqla yanaşı, onların şəbəkələşməsi və ünsiyyət bacarıqlarının möhkəmləndirilməsinə də xidmət edib. Sonda fəallığı ilə seçilən iştirakçılara mükafatlar təqdim olunub.

Qeyd edək ki, cari ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhər və rayonunu, o cümlədən ən ucqar kəndlərini və minlərlə gənci əhətə etməsi planlaşdırılan “Səyyar Gənclər Xidməti” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti