Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Qax rayonu olub. 22–26 sentyabr tarixlərində “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçiriləcək layihə yüzlərlə gəncin liderlik, şəxsi inkişaf, peşə yönümlü bacarıqlarının inkişafı, eləcə də vətənpərvərlik ruhunun artırılmasına xidmət edəcək.
Layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Rəsmi hissədə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların sosial bacarıqlarının üzə çıxarılması və dövlət dəstəyi mexanizmlərinin onlar üçün əlçatanlığının təmin olunmasında oynadığı mühüm roldan danışıblar.
Layihə çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları tərəfindən Qax gəncləri üçün maarifləndirici sessiyalar təşkil olunub. Bununla yanaşı, gənclər peşə seçimi və karyera planlaması, könüllülük fəaliyyəti, süni intellekt texnologiyalarının tətbiqi, sağlam həyat tərzinin təşviqi və motivasiya mövzularında inteaktiv təlimlərdə iştirak ediblər.
Xidmət çərçivəsində “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” başlıqları altında qurulan stendlər gənclərin şəxsi və peşə inkişafına yönəlmiş müxtəlif bacarıqları nümayiş etdirməsinə şərait yaradıb. Bu stendlərdə keçirilən intellektual yarışlar, viktorinalar və master-klasslar gənclərin aktivliyini artırıb, sosial bacarıqlarının inkişafına töhfə verib. Layihənin sonunda fəaliyyətləri ilə xüsusi fərqlənən gənclər müxtəlif hədiyyələrlə təltif ediliblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncləri arasında dövlət suverenliyi və müstəqillik kimi fundamental anlayışların daha dərindən mənimsənilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin mövcud gənclər siyasətinə uyğun olaraq regionlarda gənclər üçün mövcud imkanlara əlverişli zəmin yaradılmasına xidmət edir.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi cari ilin oktyabr ayının sonunadək respublikanın 15 şəhər və rayonu, o cümlədən ən ucqar kəndlərini əhatə etməklə mərhələli şəkildə davam etdiriləcək.