Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı” keçirilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.
”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılış mərasimində çıxış edən Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanda tibb təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb:
“Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni
bina tikilib. Bu, ümummilli lider Heydər Əliyevin səhiyyəyə, tibb
təhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyük
diqqətin təzahürü idi”.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin
zəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazir
deyib:
“Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz diqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.
Nazir qeyd edib ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun səviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışır.
Beynəlxalq konfransda çıxış edən Türkiyə Respublikası Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin Çeber Turfan, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Tibb Bacısı İşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, Qazaxıstan Respublikası “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov, Qırğızıstan Respublikasının Bişkek Ali Tibb kollecinin direktoru Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübə mübadiləsinin aparmasına imkan yaradır.
Daha sonra beynəlxalq elmi-praktiki konfransda panel sessiyalar keçirilib.
Sessiyalarda “Azərbaycanda tibb bacısı (qardaşı) və mamalıq
ixtisasları üzrə mütəxəssislərin hazırlığı və təhsilin inkişaf
istiqamətləri”, ”Tibb bacısı və mamalıq təhsilində rəqəmsallaşma və
süni intellektin rolu”, ”Mamalıq təhsilində keyfiyyətin təminatı:
beynəlxalq standartlar” və digər məruzələr dinlənilib. Sonra
məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair
suallar cavablandırılıb.
Konfransın sonunda məruzəçilərə və xarici qonaqlara sertifikatlar
təqdim olunub.
