Bakı. Trend:
Şanlı Zəfərimizin 5 illiyi münasibətilə Qətərin paytaxtı Doha şəhərində həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüş keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan görüşdə Azərbaycan icmasının üzvləri, Vətən müharibəsi şəhidi Fuad Məmmədovun ailəsi, bu ölkədə yaşayan Vətən müharibəsi qazisi Maqsum Həsənov iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev görüş iştirakçılarına komitə sədri Fuad Muradovun salamlarını və tarixi Zəfərimizin beşilliyi münasibətilə təbriklərini çatdırıb. O, komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş məlumat verib. Azərbaycan diasporunun dünyanın harasında yaşamasından asılı olmayaraq, milli maraqlarımıza xidmət etdiyini, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadığını vurğulayıb. Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirdiyini xatırladıb. Bu kontekstdə Qətərdəki Azərbaycan icmasının da fəaliyyətinin xüsusi önəm daşıdığını bildirib.
Azərbaycan Respublikasının Qətərdəki Səfirliyinin müşaviri Eldəniz Musayev çıxış edərək Qarabağ Zəfərinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. O, Qətərdə yaşayan Azərbaycan icmasının birliyinin qarşılıqlı etimad, dostluq və ortaq maraqlara əsaslandığını deyib.
Vətən müharibəsi şəhidi Fuad Məmmədovun anası Mətanət Məmmədova çıxışında dövlətin diqqət və qayğısını hər zaman hiss etdiklərini, bunun şəhid ailələri üçün böyük mənəvi dəstək olduğunu və onların əziz xatirələrinin daim uca tutulmasından məmnunluğunu dilə gətirib.
Tədbir çərçivəsində Zəfərimizin 5 illiyinə həsr edilən, eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan diasporu haqqında fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
İcma üzvləri, həmçinin sosial, mədəni və maarifləndirici fəaliyyətlə bağlı suallar səsləndirib, qarşılaşdıqları məsələlər, gələcək planlar və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Azərbaycan diasporunun Qətərdə daha da fəallaşması, gənclərin birliyə cəlb olunması, milli kimliyin qorunması və digər istiqamətlərdə görüləcək işlər müzakirə edilib.
Görüş iştirakçıları icmanın bir araya gəlməsinin vacibliyini vurğulayaraq belə tədbirlərin davamlı təşkilinin zəruriliyini nəzərə çatdırıblar.
