Bakı. Trend:
Statistika göstərir ki, könüllülük fəaliyyətinə cəlb olunan gənclərin 22–27 faizi sonradan həmin qurumlarda və ya digər dövlət müəssisələrində işlə təmin olunur.
Trend xəbər verir ki, bunu bu gün gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.
Nazir müavini xatırladıb ki, müxtəlif zamanlarda Azərbaycanda böyük tədbirlər həyata keçirilməyə başladı:
“Avroviziya müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışları və digər mötəbər tədbirlər. Bu tədbirlərin hər birində Azərbaycan gənci öz münasibətini, öz dəstəyini göstərdi. Artıq on minlərlə gənc könüllü kimi bu tədbirlərə qoşulurdu.
Birinci Avropa Oyunları zamanı 30 mindən çox gənc müraciət edib, onların təxminən 15 mini seçilərək bu möhtəşəm tədbirin uğurla keçirilməsində birbaşa iştirak edib”.
F. Hacıyev əlavə edib ki, dövlət bütün istiqamətlərdə gənc vətəndaşlarının yanında olub:
“Vətəndaşlarımız da bundan maksimum yararlanmağı bacardılar. Böyük tədbirlərimiz və böyük qələbələrimiz hələ qarşıdadır.
Bu gün dövlətimizin təqdim etdiyi elə bir xidmət sahəsi yoxdur ki, onun qapısından içəri girəndə ilk olaraq könüllüləri görməyək. Bu isə sizin fəaliyyətə necə ürəkdən qoşulduğunuzun və dövlətimizin gələcəyində iştirak etmək iradənizin bariz nümunəsidir”.
