Bakı .Trend:
Qətər ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi və mədəni sahələrdə əhəmiyyətli dərəcədə möhkəmlənib.
Trend xəbər verir ki, bu barədə bu barədə Qətərin Azərbaycandakı səfiri Məhəmməd Həməd Səəd əl-Hacirinin Bakıda Qətərin Milli Günü münasibətilə keçirilən rəsmi qəbul zamanı ünvanladığı müraciətdə bildirilib.
Səfirin təbrik nitqini Qətərin Azərbaycandakı müvəqqəti işlər vəkili Hamed əl-Humeydi səsləndirib.
O qeyd edib ki, Qətər 2030-cu ilədək Qətərin Milli İnkişaf Strategiyası çərçivəsində səylərini ardıcıl şəkildə davam etdirir. Bu strategiya rifahın, tərəqqinin və dayanıqlı inkişafın təmin edilməsinə, həmçinin Qətərin bütün dost ölkələrlə münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş kompleks proqramdır.
“Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi altında biz bu strategiyanın xalqlarımızın və ölkələrimizin rifahı naminə həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk”, – deyə səfir bildirib.
Məhəmməd Həməd Səəd əl-Haciri vurğulayıb ki, Qətər ilə Azərbaycan arasında münasibətlər bütün siyasi, iqtisadi və mədəni sahələrdə əhəmiyyətli dərəcədə möhkəmlənib. Onun sözlərinə görə, bu əlaqələr hər iki ölkənin rəsmi şəxsləri və biznes dairələrinin nümayəndələrinin qarşılıqlı səfərləri sayəsində daha da güclənib.
