...

İRİA-nın təşəbbüsü ilə 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

Cəmiyyət Materials 18 Dekabr 2025 07:18 (UTC +04:00)
İRİA-nın təşəbbüsü ilə 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən ölkədə innovasiya ekosisteminin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Agentliyin təşəbbüsü ilə 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub”.

Trend-in məlumatına görə, bu barədə İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib. Onun sözlərinə görə, bu proqramlar çərçivəsində “Global Innovation Institute” tərəfindən təqdim edilən 45 beynəlxalq sertifikat əldə edilib, ümumilikdə 98 startap mentoru hazırlanıb:

“Agentliyin dəstəyi ilə hazırda Azərbaycanda 6 innovasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər 5000-dən çox ideyanın formalaşmasına və müxtəlif inkişaf proqramlarına yönləndirilməsinə şərait yaradıb. Sözügedən ideyalardan 6-sı Agentlik tərəfindən seçilərək beynəlxalq platformalara çıxarılıb”.

Agentliyin dəstəklədiyi innovasiya proqramlarına 2025-ci il ərzində 5436 müraciət daxil olub. Bunlardan 1860 nəfər proqramlarda iştirak edib və bu proseslər nəticəsində 478 startap formalaşıb.

Qeyd olunub ki, İRİA-nın fəaliyyəti beş əsas istiqaməti əhatə edir. Bunlar infrastruktur və qanunvericilik, maliyyə əlçatanlığı, bazara çıxış imkanları, istedadlıların inkişafı və innovasiya mədəniyyətinin formalaşdırılmasıdır.

Son illər ərzində dörd innovasiya mərkəzi yaradılıb. Həmin mərkəzlər Naxçıvan və Gəncə şəhərlərində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, eləcə də ADA Universitetinin nəzdində fəaliyyət göstərən “Andersen Lab Center”də yerləşir və agentlik tərəfindən dəstəklənir.

Bildirilib ki, milli innovasiya ekosisteminin formalaşdırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işlər aparılır və bu sahədə bir sıra qanunvericilik təşəbbüsləri nəzərdə tutulur. Eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) xətti ilə Azərbaycanda regional innovasiya və akselerasiya mərkəzi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti