Deputatlar insanların real ehtiyaclarını beynəlxalq öhdəliklərlə birləşdirərək onları praktik qərarlara çevirməlidirlər - Nigar Məmmədova

Cəmiyyət Materials 20 May 2026 16:36 (UTC +04:00)
Deputatlar insanların real ehtiyaclarını beynəlxalq öhdəliklərlə birləşdirərək onları praktik qərarlara çevirməlidirlər - Nigar Məmmədova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil təminatı bu gün dünyanın ən ciddi çağırışlarından biridir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, artan yaşayış xərcləri və infrastruktur üzərində təzyiqlər dövlətlər qarşısında yeni vəzifələr müəyyən edir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.

Millət vəkili vurğulayıb ki, bu səbəbdən dayanıqlı və inklüziv şəhərlərin qurulması artıq yalnız urbanistika məsələsi deyil, bu, sosial ədalət, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və insan rifahı məsələsidir:

“Yəni gələcək şəhərlərdə sivilizasiya səviyyəsi göydələnlərin sayı ilə deyil, hər kəsi təhlükəsiz və etibarlı bir evlə təmin etməyə hazır olub-olmamaları ilə ölçüləcək.

Bu prosesdə parlamentlərin və parlament üzvlərinin rolu xüsusilə vacibdir. Çünki məhz parlamentlər qanunvericilik bazasını formalaşdırır, dövlət büdcəsini təsdiqləyir, hökumət üzərində nəzarəti həyata keçirir və vətəndaşların maraqlarını təmsil edir.

Parlamentarilər yalnız qanun qəbul edən şəxslər deyil. Biz eyni zamanda cəmiyyətlə dövlət arasında körpüyük. Biz insanların real ehtiyaclarını beynəlxalq öhdəliklərlə birləşdirərək onları praktik qərarlara çevirməliyik”.

Deputatın fikrincə, bu gün sosial ədalət prinsipi urban siyasətin mərkəzində dayanmalıdır:

“Hər bir insanın təhlükəsiz, əlçatan və layiqli mənzil hüququ təmin olunmalıdır. Şəhərlərin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, insanların həyat keyfiyyəti ilə ölçülməlidir.

Eyni zamanda, ekoloji təhlükəsizlik artıq gələcəyin deyil, bu günün məsələsidir. İqlim dəyişiklikləri şəhərlərə, infrastruktura və insanların həyatına birbaşa təsir göstərir. Buna görə də parlamentlərin vəzifəsi yaşıl qanunvericiliyi təşviq etmək, ekoloji məsuliyyətli layihələri dəstəkləmək və iqlimə davamlı şəhərsalma siyasətini gücləndirməkdir”.

N.Məmmədova vurğulayıb ki, Azərbaycan bu istiqamətdə mühüm təcrübə nümayiş etdirir:

“İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri müasir və dayanıqlı şəhərsalmanın yeni modelini formalaşdırır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji həlləri və rəqəmsal idarəetmə sistemləri gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu nümayiş etdirir.

Eyni zamanda, Orta Dəhlizin inkişafı regionda yeni urban və iqtisadi transformasiya yaradır. Bu təşəbbüs şəhərlərin inkişafına, logistika imkanlarının genişlənməsinə və beynəlxalq əməkdaşlığın güclənməsinə mühüm töhfə verir”.

Deputat əlavə edib ki, parlamentlərin əsas missiyası dayanıqlı mənzil siyasəti üçün güclü hüquqi baza yaratmaq, inklüziv urban inkişafı təşviq etmək, sosial ədaləti qorumaq və ekoloji təhlükəsizliyi təmin edən qərarların qəbuluna dəstək verməkdir.

“Həmçinin Parlamentlərarası Şəhər və Mənzil Şəbəkəsinin yaradılması, parlament monitorinq mexanizmi, iqlimə davamlı sosial mənzil üzrə beynəlxalq qanunvericilik çərçivəsinin hazırlanması, gənclər, qadınlar və həssas qruplar üçün inklüziv şəhər siyasətləri təşviq edilməlidir. Biz elə qərarlar qəbul etməliyik ki, urban inkişaf yalnız bugünkü deyil, gələcək nəsillərin də maraqlarına xidmət etsin. Burada birgə parlamentlər üçün texniki əməkdaşlıq proqramlarının genişləndirilməsi də olduqca vacibdir. Çünki şəhərlərin gələcəyi yalnız infrastruktur layihələri ilə deyil, siyasi iradə və ədalətli idarəçiliklə müəyyən olunur”, - deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti