...

Şəhriyar Məmmədyarov şahmat turnirinin iki turunun yekunlarına görə 1.0 xal toplayıb

Cəmiyyət Materials 16 Yanvar 2006 11:33 (UTC +04:00)

Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın bir çox ən güclü şahmatçılarının iştirakı ilə ənənəvi şahmat turniri keçirilir. Artıq məlumdur ki, Şəhriyar Məmmədyarov da yarışın başlanmasına bir neçə gün qalmış iştirakçıların sırasına qatılıb.

Trend in xəbər verdiyi kimi, birinci turda azərbaycanlı qrossmeyster fransız E.Bakro (2717) ilə görüşüb və oyun heç-heçə ilə başa çatıb.

Bu turda planetin ən istedadlı şahmatçılarından biri ukraynalı V.İvançuk (2729) erməni şahmatçısı L.Aronyanı (2752), hindistanlı şahmat dahisi V.Anand (2792) isə gənc ukraynalı S.Karyakini məğlub edib. Həmçinin, bolqar V.Topalov da nə zamansa vunderkind sayılan, tatar mənşəli amerikalı şahmatçı Q.Kamski üzərində qələbə qazanıb.

İkinci turda qara fiqurlarla oynayan Ş.Məmmədyarovun rəqibi güclü holland qrossmeysteri Lyuk Van Veli olub. Oyunun 44-cü gedişində rəqiblər heç-heçəyə razılaşıb. İvançuk isə bu turda serb mənşəli hollandiyalı İvan Sokolovu məğlub edib. İngilis M.Adams (2707) V.Topalov, Q.Kamski belarus mənşəli israilli B.Gelfand (2723), fransız E.Bakro isə rus mənşəli hollandiyalı S.Tivyakov üzərində qələbə qazanıb.

İki turdan sonra mümkün olan iki xalla V.İvançuk liderlik edir. V.Anand, E.Bakro və M.Adams hərəyə 1,5 xal toplayıb. Şəhriyar Məmmədyarov isə 1.0 xalla 6-cı yerdədir.

Bu gün 3-cü tur keçiriləcək.

Xəbər lenti

Xəbər lenti