Mayın 23-də və 24-də Macarıstan Respublikasında Azərbaycan günlərinin keçirilməsi planlaşdırılır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. O, bildirib ki, Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birgə təşkilatçılığıyla tədbirin keçirilməsində əsas məqsəd Macarıstan ictimaiyyətini Azərbaycanın qədim və zingin mədəniyyəti ilə yaxından tanış etmək, ölkəmizlə bağlı həqiqətləri macar xalqının diqqətinə çatdırmaq, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv səbəbləri barədə onların məlumatlandırılmasından ibarətdir.
Tədbirin ilk günü mayın 23-də Budapeşt şəhərində Macarıstan Elmlər Akademiyasının binasında "Tarix və mədəniyyət: Azərbaycan-Macarıstan" adlı elmi simpozium keçiriləcək. Simpoziumda Azərbaycanın və Macarıstanın bir sıra tanınmış alimləri ölkələrimiz arasındakı münasibətlərin tarixi barədə müxtəlif səpkili məruzələrlə çıxış edəcəklər.
Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov da tədbirdə çıxış edəcək. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, tarix elmləri doktoru Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı, eləcə də Macarıstanın bir çox görkəmli alimlərinin məruzə ilə çıxış edəcəyi gözlənilir. Mayın 24-də isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunacaq.