Yaxın vaxtlarda Azərbaycanda "Ədliyyə sektorunun müasirləşdirilməsi" layihəsi həyata keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.
Bu layihənin həyata keçirilməsi məqsədilə Dünya Bankı tərəfindən və əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kredit ayrılması nəzərdə tutulub. Həmçinin Yaponiya hökumətinin 3 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcəyi də bildirilib.
Layihə çərçivəsində Azərbaycanda beynəlxalq standartlara cavab verən 17 məhkəmə binasının yeni inşası ilə yanaşı hazırda fəaliyyət göstərən məhkəmələrin texniki baxımdan müasirləşdirilməsi nəzərdə tutulub.
Layihə prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixdə imzaladığı "Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi" fərmanına uyğun olaraq hazırlanıb.