...

Azərbaycanda diffamasiya sahəsində yeni qanunvericiliyin hazırlanması ilə bağlı konfrans keçirilib

Cəmiyyət Materials 20 İyul 2006 13:28 (UTC +04:00)

ATƏT-in Bakı ofisi və "Yeni Nəsil" Jurnalistlər Birliyi "Azərbaycanın diffamasiya sahəsində yeni qanunvericiliyi necə olmalıdır?" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə ATƏT-in, Prezident Aparatının, Milli Məclisin, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar, ekspertlər iştirak ediblər.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması (diffamasiya) ilə bağlı qanunvericilik layihəsi hazırlanır və bunun üçün yaradılmış işçi qrupunda 2 deputat, 2 hüquqşünas və 2 jurnalist təmsil olunur. Onun sözlərinə görə, layihə hazırlandıqdan sonra ATƏT-in ekspertləri tərəfindən ona rəy veriləcək. Sonra yenidən əlavə və düzəlişlər edildikdən sonra Milli Məclisə təqdim olunacaq.

Millət vəkili, işçi qrupunun üzvü Qənirə Paşayeva bildirib ki, diffamasiya qanunu təkmilləşdirilməli, əlavə və dəyişikliklər edilməlidir. ATƏT-in Bakı ofisinin nümayəndəsi İnqrid Qossincer bildirib ki, diffamasiya məsələlərinə görə cinayət məsuliyyəti Azərbaycan qanunvericiliyindən çıxarılmalı, mülki məsuliyyətlə əvəzlənməlidir. Onun sözlərinə görə, Avropa ölkələrinin təcrübəsində artıq bu cür tətbiq olunur. İnqrid Qossincer əlavə edib ki, diffamasiya məsələlərinə görə tətbiq edilən cinayət məsuliyyəti, cərimələr bəzi məmurlara jurnalistlərə təzyiq göstərmək üçün imkanlar verir.

Prezident Aparatı ictimai-siyasi şöbənin nümayəndəsi Ərəstun Mehdiyev Azərbaycanda mətbuatın, söz azadlığının inkişafından, cəmiyyətdə mətbuatın rolundan danışıb. Bildirib ki, 1998-ci ildə prezident tərəfindən mətbuat üzərində senzura ləğv olunandan sonra mətbuatın inkişafı daha da sürətlənib, söz azadlığına geniş imkanlar yaradılıb. Ə.Mehdiyevin sözlərinə görə, indi də dövlət diffamasiya ilə bağlı qanunvericiliyə əlavə və dəyişilkliklər edilməsinə hazırdır və bu məsələ müzakirə olunaraq müvafiq qərarlar veriləcək.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğu diffamasiya məsələlərinə görə bu nəşrin dəfələrlə məhkəməyə verilməsindən və ona külli miqdarda cərimələr kəsilməsindən danışıb. Onun sözlərinə görə, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması iddiası ilə şikayətlər əsasında "Yeni Müsavat" qəzetinə məhkəmələr tərəfindən 160 min avro həcmində cərimə kəsilib. "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu, hüquqşünas Rəşid Hacılı, Osman Gündüz və başqaları çıxışlarında qeyd ediblər ki, şərəf və ləyaqətin müdafiəsi yalnız sadə insanlara, işgüzar nüfuzun müdafiəsi isə korporasiya təşkilatlarına aid edilməlidir.

Xəbər lenti

Xəbər lenti