Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlar vasitəsi ilə erməni tərəfinin ətraf mühitə vurduğu ziyanın məbləği təxmini hesablamalara görə 7 543 907 manatı ($8,6 mln.) keçib. Bu barədə Trend Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir. Yandırılmış ərazilərin sahəsi 34090 hektar təşkil edib.
Yanğın törədilən ərazilərin əks olunduğu xəritənin hazırlanması başa çatıb. Bu xəritə işğal olunmuş ərazilərin Ermənistan tərəfindən qəsdən yandırıldığı faktını bir daha təsdiq edir.
Toplanmış materiallar son iki ay ərzində davam etdirilən yanğınlar nəticəsində Ağdam rayonunun Yusifcanlı, Novruzlu, Bağbanlı, Saybalı, Sarıcalı və Baş Qərvənd kəndlərinin bütövlükdə yandırrılması faktını sübut edir.
Füzuli və Cəbrayıl rayonlarının yandırılmış ərazilərinin sahəsi 10 min hektardan artıq otlaq və 100 hektardan artıq bitki örtüyünü əhatə edib.
Ağdam, Füzuli, Tərtər və başqa rayonların ərazilərində törədilmiş yanğın faktları video lentə alınıb və onların fotoşəkilləri çəkilib.