Sentyabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstanda fəalliyyət göstərən "Qeyrət" Xalq Hərəkətinin sədri Əlibala Əsgərov mətbuat konfransı keçirib. Trend in məlumatına görə, Ə.Əsgərov Gürcüstanda yaşayan azərbaycanlıların qarşılaşdığı problemlər, yerli özünüidaəetmə orqanlarına keçirilən seçkilərdə yol verilən qanunsuzluqlar barədə məlumat verib.
Ə.Əsgərovun sözlərinə görə, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə demokratik prinsiplərə riayət olunmayıb, yalnız iqtidarı təmsil edən partiya üzvləri iştirak edib, başqa namizədlərə sona qədər iştiraka imkan verilməyib. A.Əsgərov qeyd edib ki, əvvələr yerli özünüidarə orqanı kimi fəaliyyət göstərən kənd məclisləri indi ləğv olunub, bundan sonra seçkisiz, yalnız rayon icra hakimi tərəfindən kəndlərə "kəndxuda" təyin olunacaq. Hər bir kənddən bir nəfər vəkil seçilərək rayon məclisində təmsil olunacaq. Ə.Əsgərov qeyd edib ki, Gürcüstan azərbaycanlılarına onların problemlərinin həlli ilə bağlı vədlərə əməl olunmayıb.
"Gürcüstanın parlamentinə, seçki komissiyalarına, məclislərə azərbaycanlılar lazım deyil. Dövlət orqanlarına yalnız seçkidə səslərimiz lazımdır. Azərbaycanlıların kəndləri boşalır, üzü Azərbaycana axın başlanıb. Gürcüstandakı azərbaycanlı məktəblərdən sənədlərini götürüb ölkəni tərk edərək Azərbaycana gəlir. Azərbaycan Respublikası Borçalıdakı problemləri özünün qeopolitik məsələsi hesab etməli, buna böyük önəm verməli, gürcüstan azərbaycanlıları ilə bağlı ardıcıl şəkildə konsepsiya hazırlamalıdır".
Ə.Əsgərov Gürcüstan azərbaycanlılarının torpaq probleminə də toxunub, qeyd edib ki, əvvəlki hakimiyyətin dövründə bu sahədə buraxılmış ciddi səhvlər indii rəsimiləşdirilir. "Qeyrət" Hərəkatının rəhbəri azərbaycanlıların kompakt yaşadığı rayonların rəsmi qazetlərində Azərbaycan dilində heç bir yazının olmamasından da şikayət edib. Əlavə edib ki, azərbaycanlılar arasında təxribat xarakterli "Gürcüstan - ancaq gürcülərindir" yazılan vərəqələrin kim tərəfindən və nə məqsədlə paylanması da indiyədək araşdırılmayıb.