...

Görkəmli türkşünas alim Erik Fayql vəfat edib

Cəmiyyət Materials 26 Yanvar 2007 17:46 (UTC +04:00)

Iyana Universitetinin professoru, türk tarixinin görkəmli tədqiqatçılarından biri, Avropa Azərbaycanlıları Konqresi İdarə Heyətinin fəxri üzvü Erix Fayql yanvar ayının 26-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Rejissor və ssenari müəllifi kimi 62 sənədli film çəkən E.Fayqlın bu filmlərindən 17-si türk xalqlarının mədəniyyət və tarixindən bəhs edir. "Cənnətin axınları üzərində" (Mesopotamiyanın dini icmaları barədə), "Türklərin gəldikləri yerlər" və "Türklərin getdikləri yerlər" (Osmanlı imperiyasının təşəkkülü və süqutu haqqında) individual televiziya filmləri, professor E.Fayqlı 1915-ci ildə Osmanlı imperiyası dönəmində baş vermiş faciəvi hadisələrlə, tarix və erməni məsələsini araşdırmağa sövq edib. Görkəmli alim daha sonra "Min bir hakimiyyət" (Şərqi Türkistan, Çin xalqları və onların vahid mədəni irsi), "Suyun gücü" (Türkiyənin şimal-şərqi Anadolu layihəsi - GAP), "Bardo" və "Dirçəliş" kimi sənədli filmlər çəkib. Onun sənətinin zirvə nöqtələrindən biri Sultan Süleymandan bəhs edən "Qanuni Sultan" filmi olub.

E.Fayqla türklərin tarixi, ermənilərin yalançı "soyqırım" iddiaları ilə bağlı bir çox Almaniya universitetlərində elmi məruzələr edib, erməni terrorizminin gerçək üzünü ortaya çıxaran bir neçə əsər yazıb. Bu əsərlər ingilis, alman, fransız, rus dillərində yüksək tirajla nəşr olunub. E.Fayql Azərbaycanla çox sıx dostluq əlaqələrinə malik idi. O, Azərbaycan xalqını dünyanın ən ədalətli və qonaqpərvər xalqlarından biri olduğunu dəfələrlə öz nitqlərində, ayrı-ayrı elmi-publisistik məqalələrində vurğulayıb, Azərbaycan tarixindən bəhs edən "İpək Yolu Odlar Yurdundan keçərkən" adlı kitab yazıb. E.Fayql Azərbaycan diasporunun tədbirlərində həmişə yaxından iştirak edib, dəfələrlə ölkəmizdə səfərdə olub, Avstriyada azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan Akademik Birliyi"nin fəxri prezidenti seçilib. 2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Avstriyada rəsmi səfərdə olarkən E.Fayqlı Bakıya dəvət edib və türkşünas alim Bakıda 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib, burada Ermənistan məsələsi ilə bağlı məruzə edib.

E.Fayql Azərbaycana hər səfərində buradakı qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələrinə də baş çəkib və müşahidələrini "İpək Yolu Odlar Yurdundan keçərkən" kitabında qələmə alıb. O, dəfələrlə Avstriya və digər Avropa ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı müraciət ünvanlayıb. 2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında iştirak edən görkəmli alim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Xəbər lenti

Xəbər lenti