...

Monitorinq: Son illər Bakıda yaşıllıq sahələri azalıb

Cəmiyyət Materials 10 Aprel 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakı şəhərində yaşıllıqların ümumi sahəsi son 15 ildə üç-dörd dəfə azalıb. Bu barədə Azərbaycan Yaşıllar Partiyasının apardığı monitorinqin yekunlarına əsasən hesabatında bildirilir.

Monitorinqin nəticələrinə əsaslanaraq, Yaşıllar Partiyası bildirir ki, Bakının 15 il əvvəlki əhalisinin sayı ilə müqayisədə bu gün yaşıllıqlar iki dəfə azalıb. Lakin Bakı şəhərinin əhalisinin xeyli artdığı nəzərə alınaraq, adam başına düşən yaşıllıq sahələrinin üç-dörd dəfə azaldığı qənaətinə gəlinib.

Monitorinqin nəticələrinə görə, şəhərin yaşıllıq massivlərinin bir çoxu tamamilə yararsız vəziyyətə salınıb. "Məsələn, 8-ci km-də "maşın bazarı" adlanan ərazinin arxasında 50 hektar yaşıllıq zonası məhv edilib, Şıxov çimərliyi yaxınlığında salınmış "Dostluq parkı" ərazisindəki yaşıllıq zonasının 25 faizi saxlanılıb. Biləcəri qəsəbəsi yaxınlığındakı Sanitar Mühafizə zolağı, Zığ şossesində Hərbi Dəniz Məktəbi yaxınlığındakı geniş zeytunluq massivi, Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonları arasındakı zeytunluq massivinin xeyli hissəsi, Nizami və Suraxanı rayonlarında geniş yaşıllıq massivləri kütləvi şəkildə məhv edilib" - deyə hesabatda bildirilir.

Ekspertlərn rəyinə görə, yaşıllıq zonalarının məhv edilməsinin və parkların ümumi sahələrinin azalmasının əsas səbəblərindən biri bu ərazilərdəki torpaq sahələrinin qeyri-qanuni özəlləşdirilməsi və tikinti sahələri kimi istifadə edilməsidir. Həmçinin rəy verilib ki, yaşıllıq zonalarının, məhəllədaxili yaşıllıqların azalması nəticəsində şəhərin havasının çirklənməsi, səs-küyün artması, xəstəliklərin çoxalması baş verir.

Xəbər lenti

Xəbər lenti