...

Sabiq səhiyyə nazirinin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 19 İyun 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. Apellyasiya Məhkəmsində hakim Salman Hüseynovun sədrliyi ilə Əli İnsanov və daha 6 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə çərşənbə axşamı keçirilən hazırlıq iclasında təqsirləndirilənlər, onların vəkilləri və mülki cavabdehlərin vəsatətləri müzakirə olunub.

İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev sabiq nazirin ittiham olunduğu bütün cinayətlər üzrə işə xitam verilməsi və işin birinci instansiya məhkəməsinin təkrar baxışına qaytarılması, qanunsuz hökm çıxaran Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri barəsində xüsusi qərardad çıxarılması, İnsanovun 8 xəstəlikdən əziyyət çəkməsini əsas gətirərək barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi, tam məhkəmə istintaqının aparılması, prosesə əlavə şahidlərin dəvət olunması, əlavə sənədlərin məhkəməyə təqdim olunması barədə vəsatətlərlə çıxış edib. Vəkillər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin şahid qismində məhkəməyə dəvət olunmasını xahiş ediblər.

Sabiq səhiyyə naziri çıxışında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, istintaq qrupuna rəhbərlik etmiş prokuror Eldar Əhmədovun da şahid kimi çağırılmasını tələb edib. Özünü elan olunmuş ittihamlarda təqsirli bilməyən İnsanov ona saxlandığı 1 saylı İstintaq Təcridxanasında işgəncə verildiyini, səhhətində ciddi problem olduğu halda indiyədək müalicəsi üçün şərait yaradılmadığını diqqətə çatdırıb.

Aleksandr Umryaşkinin vəkili İsaxan Aşurov hüquqlarını müdafiə etdiyi şəxsin mənimsədiyi 4000 manat məbləğində pulun büdcəyə ödənildiyini və ona elan olunmuş ittihamın sübuta yetirilmədiyini əsas gətirərək barəsindəki həbs qətimkan tədbirinin ləğv olunmasını xahiş edib.

Vəsatətlər müzakirə olunub. Dövlət ittihamçısı vəsatətlərin təmin olunmaması, məhkəmə baxışının istintaq aparılmadan keçirilməsini istəyib. Məhkəmə yekun qərarını saat 15.00-da elan edəcək.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sınaqmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.

Təqsirləndirilənlərdən İnsanov, Abbasov, Kazımov, Namazov, Rzayev, Umryaşkin, Abbasov hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər.

Xəbər lenti

Xəbər lenti