Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İslam dinini və Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham olunan jurnalistlər barəsindəki məhkəmə hokmü qüvvədə saxlanıldı. Cümə günü Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Möhbalı Qurbanov çıxış edərək "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağının barəsində çıxarılan cəzanın dəyişdirilməməsini və apellyasiya şikayətinin rədd olunmasını məhkəmədən xahiş edib.
Məhkəmə təqsirləndirilənlər və onların vəkillərinin apellyasiya şikayətinin təmin olunmaması, Səbail Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərarı elan edib. Təqsirləndirilənlərin vəkili İsaxan Aşurov Trend ə məhkəmənin qərarının ədalətsiz olduğunu, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyib. Vəkil həmçinin bu iş üzrə İnsan Haqları üzrə Avropa Məhkəməsinə də şikayət veriləcəyini vurğulayıb.
Prosesdə iştirak edən dindarlar Tağıya lənət oxuyub, vəkili isə təhqir ediblər.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Sədaqətoğlu 4, Tağı isə 3 il azadlıqdan məhrum edilib.
Sədaqətoğlu və Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi (irqi, milli və dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.
Onlar "Avropa və biz" məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlər səsləndirməkdə günahlandırılırlar.