...

Azərbaycan London Yay Olimpiya Oyunlarına 33-cü lisenziyasını qazandı

İdman Materials 20 Aprel 2012 18:51 (UTC +04:00)
Bolqarıstan paytaxtı Sofiyada cümə günü London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinə start verilib.
Azərbaycan London Yay Olimpiya Oyunlarına 33-cü lisenziyasını qazandı

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Bolqarıstan paytaxtı Sofiyada cümə günü London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinə start verilib. Trend-in məlumatına görə, Azərbaycanın sərbəst güləş üzrə milli komandası 3 çəki dərəcəsində lisenziya uğrunda mübarizəyə qoşulub.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborov (96 kq) ilk lisenziya turnirinə yollanıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mahmud Məhəmmədov ilk döyüşündə Vladislav Andreyevlə (Belarus) qarşılaşıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz ilk döyüşündən qalib ayrılıb. O, ilk hissədə 1:0, növbəti hissədə isə 2:0 hesablı qələbəyə sevinib.

1/4 finalda Məhəmmədovun rəqibi rumıniyalı Andrey Dukov olub. Təmsilçimiz hər 2 hissədə məğlub olub - 0:1, 4:5.

Avropa çempionu Toğrul Əsgərov da 1/8 final mərhələsinə uğurla başlayıb. Həmyerlimiz Aleksandr Kontoyevlə (Belarus) görüşdə hər 2 hissəsini qalib bitirərək (1:1, 4:0) növbəti mərhələyə yüksəlib.

Növbəti cəhddə həmyerlimiz alman Tim Şleyxerdən üstün olub. İlk hissədə 2:0, ardınca 4:0 hesablı qələbəni bayram edən Əsgərov yarımfinala yüksələrək, ukraynalı Aleksandr Fedorişinə də qalib gəlib - 2:0 və 4:1. Əsgərovun finala çıxması ona olimpiya lisenziyası qazanmaq üçün yetərli olub. Beləliklə, Azərbaycan idmançıları London Olimpiya Oyunlarına ümumilikdə 33-cü lisenziyanı əldə ediblər.

Aslanbəy Alborov isə Georgi Atanasov Sredkova (Bolqarıstan) 1:2 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti