...

Futbol üzrə Unibank Premyer Liqasının 2012/2013-cü il mövsümü üçün formatı açıqlanıb

İdman Materials 24 May 2012 14:10 (UTC +04:00)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Unibank Premyer Liqasının növbəti mövsümünün hansı formada keçiriləcəyi ilə bağlı açıqlama verib.
Futbol üzrə Unibank Premyer Liqasının 2012/2013-cü il mövsümü üçün formatı açıqlanıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Unibank Premyer Liqasının növbəti mövsümünün hansı formada keçiriləcəyi ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, Musayev jurnalistlərə bildirib ki, növbəti çempionatda da 12 komanda yarışacaq.

"Birinci yeri tutan Çempionlar Liqasına, kubokun qalibi, ikinci və üçüncü yerin sahibi isə Avropa Liqasına gedəcək", - o qeyd edib.

PFL rəhbəri deyib ki, birinci divizionun qalibi "Qaradağ-Lökbatan" lisenziya almasa, Premyer Liqaya buraxılmayacaq.

"Lisenziya nə olan şeydir ki, onu almırlar. Bu klubun rəhbərliyi peşəkar addım atmır, futbolçuların zəhmətini yerə vurur. Bizim komandalar lisenziyasız oynasa, UEFA elə cərimələr tətbiq edər ki, onun altından çıxa bilmərik", - Musayev vurğulayıb.

PFL rəhbəri, həmçinin deyib ki, futbol üzrə növbəti Azərbaycan çempionatının sponsoru da böyük ehtimalla Unibank olacaq.

"Başqa şirkətlər Unibank-dan 100-150 min manat artıq təklif etsələr belə, bunu qəbul etməyəcəyik. Çünki bizə Unibank-la işləmək rahatdır. Digər şirkətlərin şərtləri isə ağırdır. Məsələn, onlar deyirlər ki, çempionatda oynayan bütün 12 komandanın formalarının üzərində şirkətlərinin reklamı getməlidir. Belə çıxır ki, onlardan aldığımız pulu komandaların formasına verməliyik?", - Musayev bildirib.

Xəbər lenti

Xəbər lenti