Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Ümumdünya Boks Seriyasında (WSB liqasında) yeni mövsümün püşkü atılıb. Bu dəfə 12 komanda iki qrupda mübarizə aparacaq.
Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, "Baku Fires" klubu "A" qrupunda Rusiyanın "Dinamo" (Moskva), Hindistanın "India Fighters", Argentinanın "Argentina Condors", Meksikanın "Mexico Guerreros" və Polşanın "Hussars Poland" komandaları ilə görüşəcək. "B" qrupunda isə "Milano Thunder" (İtaliya), "Germany Eagles (Almaniya), "Astana Arlans" (Qazaxıstan) və adları hələ ki dəqiqləşməyən Ukrayna, Böyük Britaniya və ABŞ klubları yer alacaq.
Komandamızın qrupunda Argentina və Polşa təmsilçiləri WSB liqasında debüt edirlər. "Baku Fires" qrupda ilk görüşünü noyabrın 17-də doğma divarlar arasında "Argentina Condors"a qarşı keçirəcək.
"Baku Fires"in oyunlarının təqvimi:
1-ci tur: "Baku Fires" - "Argentina Condors"
2-ci tur: "India Fighters" - "Baku Fires"
3-cü tur: "Dinamo" (Moskva) - "Baku Fires"
4-cü tur: "Baku Fires" - "Mexico Guerreros"
5-ci tur: "Baku Fires" - "Hussars Poland"
6-cı tur: "Argentina Condors" - "Baku Fires"
7-ci tur: "Baku Fires" - "İndia Fighters"
8-ci tur: "Baku Fires" - "Dinamo" (Moskva)
9-cu tur: "Mexico Guerreros" - "Baku Fires"
10-cu tur: "Hussars Poland" - "Baku Fires"
Qeyd edək ki, İsvçrənin Lozanna şəhərində WSB liqasının 2012/2013-cü illər mövsümü üçün boksçuların draftı keçirilib. Komandalar təklif olunan boksçulardan 27-i heyətə cəlb ediblər. Onlardan biri son Olimpiya Oyunlarının bürünc mükafatçısı (irlandiyalı Maykl Konlan), dördü isə London-2012-də ¼ finala vəsiqə qazananlardır. Draftda heyətini ən çox gücləndirən komandalar "Astana Arlans" və "Mexico Guerreros"dur. Bu klubların hərəsi 5 yeni boksçu ilə anlaşıb.
"Baku Fires" draftda iki yeni boksçu ilə güclənib. Özbəkistanlı Elşod Rəsulov 2012/2013-cü illər mövsümündə 85 kq çəki dərcəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edəcək. 2009-cu ildə Milanda keçirilən dünya çempionatının bürünc mükafatçısı olan Rəsulov London olimpiadasında ¼ finalda mübarizəni dayandırıb. Özbəkistanın tanınmış atletlərindən olan boksçu son olimpiadanın açılış mərasimində ölkəsinin bayragını aparıb.
Komandamızın anlaşdığı digər idmançı isə Cənubi Afrika Respublikasından olan Siphive Lusizidir. Afrika oyunlarının bürünc mükafatçısı olan Lusizi Londonda 1/8 finalda uduzub. O, 73 kq çəki dərəcəsində döyüşəcək. Olimpiya Oyunlarında milli komandamızın şərəfini qorumuş Məhəmməd Abdulhəmidov yeni mövsümdən Polşanın "Hussars Poland" klubunun heyətində çıxış edəcək. Abdulqadir Abdullayev isə "Milano Thunder"lə müqavilə bağlayacaq.