...

Bədii gimnastika üzrə XIX Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi (FOTO)

İdman Materials 19 Noyabr 2012 17:40 (UTC +04:00)
Paytaxtın 8 idman cəmiyyətinin, həmçinin Xırdalan, Gəncə, Qusar və Sumqayıtın idman cəmiyyətlərinin gimnastları ötən həftə sonu cari ilin yekun yarışı olan XIX Azərbaycan birinciliyinin beş dəst medalı uğrunda mübarizə aparıblar.
Bədii gimnastika üzrə XIX Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Paytaxtın 8 idman cəmiyyətinin, həmçinin Xırdalan, Gəncə, Qusar və Sumqayıtın idman cəmiyyətlərinin gimnastları ötən həftə sonu cari ilin yekun yarışı olan XIX Azərbaycan birinciliyinin beş dəst medalı uğrunda mübarizə aparıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iki növdən sonra kiçik yaş qruplarında mükafatların sahiblərinin adları müəyyən qədər məlum olduğu halda, 1997-1999-cu il təvəllüdlü gimnastlar arasında son ana qədər mübarizə davam edib.

Yekunda Ləman Dadaşlı ("Spartak") birinci, Yekaterina Prokopenko (Respublika Kompleks İdman Məktəbi) ikinci, Bahar Əsgərova isə ("Neftçi") üçüncü olub.

2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda Ruqiyyə Səttarova ("Spartak") hamını qabaqlayıb. Sonrakı yerləri müvafiq olaraq, Natalya Quliyeva (Respublika Kompleks İdman Məktəbi ) və İlahə Məmmədova (Bakı Gimnastika Məktəbi) tutublar.

10 yaşlı gimnastlar arasında 1 bal üstünlüyü ilə Vəfa Həsənzadə (Bakı Gimnastika Məktəbi) qızıl medala sahib çıxıb. Gümüş və bürünc medalları isə Darya Sorokina və Ləman Hacıyeva (hər ikisi "Spartak") əldə ediblər.

"Spartak"ın təmsilçisi Aydan Ağayeva 2003-cü il təvəllüdlü gimnastlar arasında keçirilən yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun komanda yoldaşı Ləman Hüseynova ikinci, Darya Farşbafşəhriyari isə (Bakı Gimnastika Məktəbi) üçüncü yerə çıxıb.

Nəhayət, ən azyaşlı iştirakçılar - 2004-cü il təvəllüdlü idmançılar arasında Lala Kramarenko ("Spartak") birinci yerə layiq görülüb. Nərminə Səmədova (Respublika Kompleks İdman Məktəbi) və Arzu Cəlilova ("Neftçi") sonrakı yerləri bölüşüblər.

Həmçinin, ölkə yığmasının lideri Aliyə Qarayeva Perucada keçirilən İtaliyanın A1 seriyalı klub çempionatının üçüncü turunda çıxış edib. Onun "Ritmika Pyemont" komandası altıncı yerlə kifayətlənib, Qarayeva isə topla tapşırığa görə 27,25 bal alıb. O bununla kollektivdə birinci nəticə göstərib, topla çıxış edən gimnastlar arasında isə ikinci olub. A1 seriyasının yekun - dördüncü turu dekabrın 1-2-də Desioda baş tutacaq.

Qarayeva İtaliyaya təyyarə ilə Atlantik okeanı üzərindən keçməklə gələcək. Belə ki, noyabrın 20-25-də Meksikada London-2012 olimpiadasının ən yaxşı idmançılarının iştirakı ilə Qala-tur keçiriləcək. Aliyə də bu yarışa dəvət alıb. Nümunəvi çıxışlar 3 şəhərdə olacaq: yarışların startı Leonda, Qvadalaharada yarışların növbəti mərhələsi, Mexikoda isə final baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti