Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
Rusiyanın Sankt Peterburq şəhərində "Sport Accord" təşkilatının sayca 11-ci illik konvensiyası keçirilir.
Milli Olipiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 26-dən 31-dək keçirilən "Sport Accord" konvensiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edir.
"Sport Accord" beynəlxalq olimpiya və qeyri-olimpiya idman federasiyalarını, eyni zamanda, beynəlxalq idman yarışları təşkilatçılarını özündə birləşdirən böyük bir qurumdur.
Azərbaycan nümayəndə heyətinin belə mötəbər bir tədbirdə iştirak etməsinin əsas məqsədi "Bakı 2015" Avropa Oyunlarının dəyərlərinin təbliğ edilməsi, Oyunların təşkili üçün layiqli tərəfdaşların tapılması və Oyunların təbliğindən istifadə etməklə Azərbaycanın beynəlxalq idman və qeyri-idman yarışlarına ev sahibliyi etmək bacarığının geniş və qlobal təbliğ edilməsidir. Bu məqsədlə tədbirin təşkil edildiyi yerdə "Bakı 2015" adlı stend qurulub, iştirakçılara Azərbaycanın idman və qeyri-idman obyektləri ilə bağlı videotəqdimat edilib və I Avropa Oyunları ilə bağlı çap məhsulları tədbirə qatılan müxtəlif ölkələrin nümayəndə heyətlərinə paylanılıb.
Qeyd edək ki, "Sport Accord" konvensiyası çərçivəsində bu gün Azərbaycan nümayəndə heyəti beynəlxalq media nümayəndələri üçün "Bakı 2015" Avropa Oyunları ilə bağlı mətbuat konfransı da təşkil edib.