Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Tariverdiyeva/
Sentyabr ayında Bakıda ilk "Arena Polo" Dünya kubokunun keçiriləcəyi dövrdə Azərbaycan paytaxtı polo oyunları mərkəzinə çevriləcək. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın "Los Angeles Times" nəşri yazır.
Sentyabrın 6-8-nə planlaşdırılmış yarışlar "Elite" Atçılıq Mərkəzinin bu yaxınlarda tikilmiş açıq hava Polo arenasında keçiriləcək.
Məqalədə deyilir ki, Azərbaycan Qərbi Asiya və Şərqi Avropanın kəsişməsində yerləşən böyük Qafqaz ölkəsidir. Qeyd olunur ki, Azərbaycanda polo oyununun qədim tarixi var.
Müəllif yazır: "Azərbaycan 2400 il əvvəl çövkən oyununun - süvarilərin xüsusi hazırlığının beşiyi olub. Bu isə müasir poloda XIX əsrdə inkişaf edib. "Arena Polo" Dünya kuboku regionda polo üzrə ilk turnir olacaq".
Nəşrin yazdığına görə, sentyabrın 5-də "Kempinski Hotel Badamdar" hotelində komanda və sponsorların qəbulu məqsədilə tədbir keçiriləcək.
Hotelin baş meneceri Pyer Staçer bildirib: "Biz Bakıda polo üzrə turnirin keçirilməsi ilə yerli ənənələrin dirçəlişinin şahidi oluruq".