...

Real Madrid Fondu 2014-cü ildə Azərbaycanda üç yeni layihə həyata keçirəcək

İdman Materials 29 Yanvar 2014 14:36 (UTC +04:00)
AFFA və Real Madrid Fondunun sosial futbol məktəbi arasında əməkdaşlıq genişlənir.
Real Madrid Fondu 2014-cü ildə Azərbaycanda üç yeni layihə həyata keçirəcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

AFFA və Real Madrid Fondunun sosial futbol məktəbi arasında əməkdaşlıq genişlənir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə bu gün verilən məlumata görə, 27 yanvar 2014-cü il tarixində AFFA-nın qızlardan ibarət mill futbol komandasının baş məşqçisi xanım Patrisiya Qonzalez, yığmanın futbolçusu Nigar Cəlili və digər nümayəndələr Real Madrid Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində yaradılmış "Vətən" sosial futbol məktəbinin qonağı olmuşlar.

Nümayəndə heyəti ilk olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinin "Yeni Gün" programında iştirak etmişdir. Proqram Azərbaycanda qadın futbolu, peşəkar və sosial futbola həsr edilmişdir.

"Vətən" sosial futbol məktəbini layihənin koordinatoru Sahibə Paşayeva, məşqçi-müəllim Namiq Allahverdiyev və məktəbin futbolçusu Səbinə Alıyeva təmsil etmişdir. Proqram zamanı Real Madrid Fondunun 2014-cü il üçün Azərbaycanda həyata keçirəcəyi 3 yeni layihə də elan edilmişdir.

Layihələrdən biri "Real" klubunun məşqçi heyətinin Azərbaycana səfəri, digəri azərbaycanlı uşaqların beynəlxalq yay futbol düşərgəsinə göndərilməsi, sonuncu isə məktəbə olan çoxsaylı müraciətlər nəticəsində yaxın vaxtlarda yeni qrupların açılması olmuşdur.

Sosial futbol məktəbi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri "Vətən" Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərir. Məktəbin baş sponsoru "AzərİdmanServis" MMC-dir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu layihənin əsas tərəfdaşlarıdır.

AFFA-nın qızlardan ibarət milli komandasının baş məşqçisi xanım Patrisiya Qonzalez günün ikinci yarısında "Vətən" sosial futbol məktəbində məşqçi müəllimlərə görüşmüş və məktəbdə məşqlərin təşkili ilə maraqlanmışdır. Görüş zamanı xanım Qonzalez məşqçilərə uşaq futbolu, futbolun sosial və peşəkar modelləri mövzusunda maraqlı təqdimatlar etmişdir. Bundan sonra xanım Qonzales məşqçi İlqar Məsumovun 15-16 yaşlı oğlan qrupunun təlim-məşqini müşahidə edərək ona və digər həmkarlarına öz tövsiyələrini vermişdir. Məşqçi müəllimlərin hədsiz marağına səbəb olan müzakirələrə AFFA, xüsusilə qızlardan ibarət milli yığma və məktəb arasında əməkdaşlığın genişləndirilməsinə dair konkret təkliflərin verilməsi ilə yekun vurulmuşdur.

Günün sonunda baş verən ən maraqlı tədbir isə xanım Patrisiyanın "Vətən" sosial futbol məktəbinin qızlardan ibarət komandasına master-klas məşqi olmuşdur. Gün ərzində davam edən silsilə tədbirlərdən ümumilikdə 8 nəfər məşqçi-müəllim və 34 nəfər (18 qız) gənc futbolçu faydalanmışdır.

Tədbir xatirə şəkli çəkdirməklə başa çatmışdır.

Qeyd edək ki, 29 aprel 2013-cü il tarixində Real Madrid Fondunun Gənclər və İdman Nazirliyi ilə Madrid şəhərində imzaladığı əməkdaşlıq müqaviləsi 2013-2017-ci tədris dövrünü əhatə edir. Bu dövrdə fəaliyyət göstərəcək "Vətən" sosial futbol məktəbinin əsas məqsədi Real Madrid Fondunun uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası üzrə sosial futbol modelini Azərbaycanda tətbiq etməklə ölkədə uşaq futbolunun təbliğinə və inkişafına dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti