...

Federasiya prezidenti: Azərbaycanın futzal yığmasının Avropa çempionatında ilk işi 1/4 finala yüksəlməkdir

İdman Materials 30 Yanvar 2014 17:51 (UTC +04:00)
Belçikanın Antverpen şəhərində keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Sloveniya yığması ilə qarşılaşacaq.
Federasiya prezidenti: Azərbaycanın futzal yığmasının Avropa çempionatında ilk işi 1/4 finala yüksəlməkdir

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Belçikanın Antverpen şəhərində keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Sloveniya yığması ilə qarşılaşacaq.

Trend-in məlumatına görə, millimizə dəstək olmaq üçün Antverpen şəhərində olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına açıqlama verib.

Z.Axundov qeyd edib ki, komandanın qarşısına yüksək vəzifələr qoyulub: "İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdir. Dünən keçirilən oyunlar göstərdi ki, Avropa çempionatında zəif komanda yoxdur. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə etməsi, Sloveniya yığmasnın İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya oldu".

O bildirib ki, Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə etdi. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçirdi: "Amma bizim iki güclü heyətimiz var. Bu da həlledici amillərdən biridir. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdur".

Federasiya prezidenti vurğulayıb ki, İtaliya millisinin dünən nümayiş etdirdiyi oyun onun üçün müəmmalı qaldı: "Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridir. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer alıb. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdır".

O, qeyd edib ki, millinin əsas bazasını "Araz" klubu təşkil edir. Bu klubun UEFA kubokunun "Dördlər finalı"na vəsiqə qazanması böyük nailiyyətdir: "Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm".

Qeyd edək ki, Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının qrup mərhələsində yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığması ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti