...

Azərbaycanda su polosu üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək

İdman Materials 30 Aprel 2014 13:33 (UTC +04:00)
Mingəçevir şəhərindəki "Kür" idman-sağlamlıq mərkəzində mayın 4-dən 8-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş su polosu üzrə Prezident Kuboku beynəlxalq turniri keçiriləcək.
Azərbaycanda su polosu üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.İsmayılov/

Mingəçevir şəhərindəki "Kür" idman-sağlamlıq mərkəzində mayın 4-dən 8-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş su polosu üzrə Prezident Kuboku beynəlxalq turniri keçiriləcək. Turnir Azərbaycan Su İdmanı Növləri Federasiyası və İdman və Gənclər Nazirliyi ilə birgə hazırlanıb. Bu barədə çərşənbə günü Trend-ə federasiyanın baş katibi Fərid Bənənyarlı bildirib.

Onun sözlərinə görə, ötən ildən (4 komanda) fərqli olaraq, bu il turnirdə altı komanda iştirak edəcək. Habelə bu il turnirdə Azərbaycanın iki komandası təmsil olunacaq - biri yaşlı (müsabiqədən kənar), digəri isə gənclər komandası olacaq. Turnirdə Gürcüstan, Belarus, Özbəkistan və Macarıstan komandaları da iştirak edəcəklər.

Bənənyarlı deyib ki, turnir 2015-ci il ilk Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Özbəkistan istisna olmaqla, bu komandalar eyni tərkibdə Bakıda keçiriləcək Oyunlarda iştirak edəcəklər.

Ötən il Azərbaycan yığması gərgin mübarizədə Moskva yığmasına qalib gələrək turnirin qalibi olmuşdu.

Bənənyarlının sözlərinə görə, həmçinin mayın 9-dan 14-dək Şirvan Olimpiya İdman Kompleksində ənənəvi xarakter daşıyan ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş üzgüçülük üzrə açıq beynəlxalq turnir keçiriləcək. Turnirə Rusiya, Gürcüstan, Belarus və Türkiyədən idmançıların gəlişi gözlənilir: "Azərbaycan Su İdmanı Növləri Federasiyası bu ənənəvi turnirlərin beynəlxalq federasiyaların himayəsi altında keçirilən yarışlar cədvəlinə düşməsi üzərində çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti