...

Yenə də Maksim Averin

İdman Materials 5 Noyabr 2014 16:31 (UTC +04:00)
6-cı mərhələyə doğru 2-ci yerdə
Yenə də Maksim Averin

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün keçirilən 5-ci mərhələdə iştirakçılar 129 km məsafə qət ediblər. 4-cü mərhələdə olduğu kimi, bu dəfə də velosipedçilərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb - o, finişi mərhələ qalibi ilə eyni vaxtda keçib və fotofinişə əsasən 7-ci olub - 2 saat, 51 dəqiqə, 37 saniyə. Digər təmsilçilərimiz - Aleksandr Surutkoviç, Elçin Əsədov, İsmayıl İlyasov, Samir Cəbrayılov və Ənvər Asanov da mərhələni ilk pelotonda başa vurublar.

5 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır: S.Cəbrayılov 12-ci, A.Surutkoviç 15-ci, M.Averin isə 18-cidir.

Yürüşün 23 yaşadək velosipedçiləri arasında S.Cəbrayılov 4-cü pillədədir - o, liderə cəmi 13 saniyə uduzur. İ.İlyasov 10-cu, Ə.Asanov isə 13-cü yerdə qərarlaşır. Komanda hesabında "Synergy Baku" 2-ci yerdəki mövqeyini qoruyur. Sabah keçiriləcək 6-cı mərhələdə iştirakçılar 113 km məsafə qət etməlidirlər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti