...

Bakı 2015 Avropa Oyunlarının brendi Azərbaycan Hava Yollarının təyyarələrinə minik talonlarının üzərində əks olunacaq (FOTO)

İdman Materials 17 Dekabr 2014 12:35 (UTC +04:00)
İlk Avropa Oyunlarına geri sayım davam edir və Bakı 2015 Avropa Oyunlarının brendi Oyunların Rəsmi Tərəfdaşı olan Azərbaycan Hava Yollarının təyyarəyə minik talonları üzərində əks olunacaq.
Bakı 2015 Avropa Oyunlarının brendi Azərbaycan Hava Yollarının təyyarələrinə minik talonlarının üzərində əks olunacaq (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

İlk Avropa Oyunlarına geri sayım davam edir və Bakı 2015 Avropa Oyunlarının brendi Oyunların Rəsmi Tərəfdaşı olan Azərbaycan Hava Yollarının təyyarəyə minik talonları üzərində əks olunacaq.

Trend-in məlumatına görə, Bakı 2015-in rəngarəng loqosu və idman təsvirləri bu gündən etibarən 2015- ci ilin iyun ayında keçiriləcək Avropa Oyunları başa çatanadək 800 000-dən artıq təyyarəyə minik talonunu bəzəyəcək.

Təyyarəyə minik talonları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə Hava limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə uçuşları üçün istifadə olunacaq.

Talonlar bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Rəngarəng loqomuzun və brendimizin Azərbaycan Hava Yolları və onun təyyarəyə minik talonları sayəsində bütün dünyaya tanıdılacağından çox məmnunuq.

Azərbaycanın milli aviaşirkəti kimi Azərbaycan Hava Yolları, qarşıdan gələn aylarda İlk Avropa Oyunlarının təbliğində, eləcə də, Avropanın ən yaxşı idmançılarının gələn il Bakıda keçiriləcək Oyunlarda yarışmaq üçün Azərbaycana gəlməsində əhəmiyyətli rol oynayacaq."

Azərbaycan Hava Yolları Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşıdır və beynəlxalq auditoriya arasında Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək.

Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və Oyunlar haqqında məlumatlar mövcud olacaq.

Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar olaraq gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

Azərbaycan Hava Yollarının vitse-prezidenti cənab Arif Məmmədov bildirib: "Biz Bakı 2015 brendinin təyyarəyə minik talonlarımızın üzərində əks olunması ilə fəxr edirik və bununla da paytaxt şəhərimiz və bütün ölkə üçün tarixi an olan Avropa Oyunlarına dəstək olmağımızla qürur duyuruq.

Biz idmançıların, rəsmi şəxslərin və tamaşaçıların Oyunlarla əlaqədar olaraq Azərbaycana gəlməsinə kömək edəcəyik və möhtəşəm Açılış Mərasiminə geri sayım davam etdiyi üçün həyəcanımızı sərnişinlərimizlə bölüşmək istəyirik."

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti