Azərbaycan, Bakı, 20 aprel /Trend/
Rusiya Prezidenti Vladimir Putin FIFA və bütün futbol həvəskarlarının 2018-ci il dünya çempionatı ilə bağlı ümidlərini boşa çıxartmayacağına dair söz verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, V.Putin bunu FIFA prezidenti Yozef Blatterlə görüşündə deyib.
Onun sözlərinə görə, hazırda Rusiya qarşısında 2018-ci il dünya çempionatını keçirmək kimi böyük vəzifə var: "Komandamızın necə çıxış edəcəyini deyə bilmərəm, bu, mütəxəssislərin işidir, lakin çempionata hazırlıq rəsmi hakimiyyətin vəzifəsidir. Rusiyada çoxu inzibati qərarlar qəbul edilir, lakin hazırlıq işləri də bir o qədər vacibdir. İşə fəal başlamışıq. Hər şey plan üzrə gedir və bildiyiniz kimi, sizi daim bu barədə məlumatlandırırıq".